28 may-Respublika günü münasibəti ilə "Dəyirmi masa" keçirildi
1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü-Respublika Günü kimi qeyd edilir. Hər il olduğu kimi, bu il də məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xüsusi təmtəraqla qeyd edilir, demək olar ki, silsilə xarakter daşıyır. Mayın 26-da məktəbimizin tarix müəllimi Şəfiqə Həsənova 10”a” sinif şagirdləri ilə “Dəyirmi masa” təşkil etdi. Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov və digər müəllimlər iştirak edirdilər. ”Dəyirmi masa”da şagirdlər AXC-nin sosial-iqtisadi, mədəni, dövlət quruculuğu, xarici siyasət, erməni təcavüzünə qarşı mübarizə sahələrində həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verdilər. Sonra isə mövzu ətrafında disskusiyalar başladı. Şagirdlər XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələrlə müasir dövrdə baş verən hadisələrin müqayisəli xarakteristikasını verərək müasir dövrümüzdə baş verən inkişafdan danışdılar. Mövzuya aid maraqlı video çarxlar nümayiş etdirildi.