9 MAY-QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ
9 May-Qələbənin 72-ci ildönümü münasibəti ilə 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyyat müəllimi E.T.Qədirova 6a sinif şagirdləri ilə birgə tədbir keçirdi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri direktor müavini E.H.Muqumov və məktəbin müəllimləri iştirak etdilər. Qeyd olundu ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar. Daha sonra şagirdlər şeirlər söylədilər, S.Rüstəmin “Ana və poçtalyon” əsərini səhnələşdirdilər. Sonda çıxış edən məktəbin direktoru N.F.Ağcayev tədbirin təşkilatçısı E.T.Qədirovaya və şagirdlərə minnətdarlığını bildirdi və hər kəsi bu gün münasibəti ilə təbrik etdi.