“Adın şərəflidir sənin, ey qadın!”
28 aprel 2017-ci il tarixində 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədova 7a sinfi ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Adın şərəflidir sənin, ey qadın!” adlı xüsusi dərs keçdi. Dərsdə direktorun təlim-tərbiyə işləri direktor müavini E.H.Muqumov və məktəbin müəllimləri iştirak edirdilər. Dərs zamanı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir. Zərifə xanım sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana idi. Onun öz ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı - ulu öndər Heydər Əliyev özü də, övladları da dəfələrlə söyləyib. Tədbir zamanı Zərifə xanımın həyat və yaradıcılığını əks etdirən müxtəlif video çarxlar, slaydlar nümayiş etdirildi, şagirdlər ona həsr olunmuş şeirlər söylədilər. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.