"Son zəng"tədbiri keçirildi
Bu gün Suraxanı rayonu Etibar Cəfərov adına 118№-li tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir. Mavi Xəzərin sahilində yerləşən, özünəməxsus milli adət-ənənələrini bu dövrə qədər qoruyub saxlayan, zəngin tarixi keçmişə malik, respublikamıza dəyərli simalar bəxş etmiş qədim Hövsan kəndinin 40 illik yubileyini qeyd edən 118№ -li tam orta məktəbdə keçirilən bu təntənəli tədbir yüzlərlə kənd sakinin sonsuz maraq və rəğbətinə səbəb oldu. Tədbir musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağının gətirilməsi,məktəbin direktoru N.F. Ağcayevin təntənəli surətdə şənliyi açıq elan etməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. N.F. Ağcayev öz çıxışında məzunlara öz səmimi arzu və istəklərini bildirdi və bütün məktəb kollektivini, qonaqları və kənd sakinlərini məktəbin 40 illik yubileyi münasibətilə təbrik etdi. Qonaqlar arasında məktəbdə vaxtilə çalışan hal-hazırda təqaüdə çıxmış müəllimlər, məktəbin ilk məzunları və kəndin tanınmış simaları iştirak edirdilər. Hövsan qəsəbəsi üzrə icra nümayəndəsi Suraxanı rayon İcra Başçısının təbrikini tədbir iştirakçılarına və məktəbin müəllim kollektivinə çatdıraraq öz adından da cəmiyyətimizin gələcək qurucularına uğurlar arzuladı. Çıxış edənlər arasında əvvəlki illərdə məktəbimizi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərini qazanan məzunlar da var idi. İlk sinif müəllimlərinin və körpə fidanların da çıxışı yaddaqalan oldu. Məzunlarımızın rəngarəng şeirləri və şən mahnıları tədbirə xüsusi gözəllik verdi. Bəyaz göyərçinlərin havadakı zərif uçuşlarını müşyiət edən al-əlvan şarların kölgəsində rəqs edən məzunlar göz yaşlarını saxlamaqda çətinlik çəkirdilər. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi son zəngin sədaları eşidildi. Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə rəsmləri çəkdirdilər. Bu xatirə nəinki onların rəsmlərində, hətta o saf və təmiz şagird qəlblərinin dərinliklərində hələ uzun müddət qalacaqdır.