21.02.2025-ci il tarixində məktəbin Azərbaycan dili müəllimləri Nüşabə Cəfərova,Sevinc Şərifova və Nəzakət Rəhimovanın birgə təşkilatçılığı ilə məktəbin akt zalında “21 Fevral - Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məktəb rəhbərliyi ,müəllim və şagird heyəti iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir şagirdlərin ifasında Azərbaycanın görkəmli yazıçılarının əsərlərinə istinadən hazırlanmış səhnəciklər, şeirlər, rəqs və musiqi nömrələri ilə davam etdi.
Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Nizaməddin Ağcayev vurğuladı ki,ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün artmasında və mükəmməl təhsil almasında mühüm rol oynayır. Millətin özünəməxsusluğunun qorunmasında müstəsna rol oynayan ana dili müqəddəsdir.
Nizaməddin Ağcayev həmçinin, ana dilimizin dövlət dili statusuna yüksəlməsi istiqamətində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açdı, onun hələ sovetlər dönəmində ana dilimizin inkişafı uğrunda apardığı uzaqgörən siyasəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirin keçirilməsində məqsəd dil müxtəlifliyini və mədəni irsin qorunmasını təşviq etmək, ana dilinin inkişafına və zənginləşməsinə töhfə verməkdir. Bu tədbir vasitəsilə şagirdlərin diqqəti ana dilinin əhəmiyyətinə yönəldilir, dilə olan sevgi və hörmət hissi gücləndirilir.