Suraxanı rayonunda maarifləndirici tədbir keçirilib
Martın 14-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Suraxanı rayonunda yerləşən 89 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Amal Məlikov, eləcə də məktəbimizin müəllimləri Aynur Məmmədova, İlahə Qasımova, Sinarə Ələkbərova, valideyn Sahibə Hüseynova və IX sinif şagirdi Həmidə Kazımzadə iştirak edirdi. Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edildi. Filmin nümayişindən sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov milli-mənəvi dəyərlərin böyük əhəmiyyət kəsb etdiyini və həmrəyliyimizdə xüsusi yer tutduğunu dinləyicilərin diqqətinə çatdırdı. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən natiq gənclərin radikal dini cərəyanların təsirlərindən qorunması üçün ilk növbədə dini maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğuladı. Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırıldı.