"ÇƏRŞƏNBƏ İMƏCİLİKLƏRİ" DAVAM EDİR
Bildiyimiz kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir. Artıq sonuncusu qeyd edilən dördüncü Novruz çərşənbəsi-Torpaq çərşənbəsidir. Bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Bu münasibətlə məktəbyanı ərazimizdə müəllim və şagirdlərin iştirakı ilə növbəti iməcilik təşkil olundu. Məktəbin həyətyanı sahəsi təmizləndi, ağacların dibi belləndi, müəllimlərimiz də öz növbələrində şagirdlərə Novruz adət-ənənələrindən, Novruz bayramının tarixindən söhbət açdılar.