Hər qadın bir güldür
Həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısı qadın-ANA! Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər bir əzaba dözür. Onun bu dözümlülüyü qarşısında baş əyir, səcdə qılırıq. ”Ana haqqı-Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan var edib, bəşər övladı isə ana bətnində dünyaya göz açır. Ana övladına təkcə həyat vermir, həm də min bir çətinliyə qatlaşaraq onu böyüdür. Analar təbiətən zərif olsalar da, fədakarlıqlarına görə yüksəklikdə uçan qartala bənzəyirlər. 07 mart 2017-ci il taixində məktəbimizin akt zalında 8 mart “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Hər qadın bir güldür” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra bu günün tarixi haqqında video nümayiş etdirildi. Məktəbimizin balaca fidanlarının hazırladıqları “Tıq-tıq xanım” tamaşası, qızlarımızın ”Lalələr”, ”Ağ çiçəyim” rəqsi, oğlanların “Həsəni” rəqsi, səhnəciklər, şeirlər hər kəsin böyük marağına səbəb oldu. Analar mahnılarda oxundu, şeirlərdə əzbərləndi, səhnəciklərdə canlandırıldı. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev qadınları təbrik edərək, onlara xoş arzularını çatdırdı, tədbirin təşkilatçılarına: Aynur Məmmədova, Gülər Osmanova və Fəridə Babayevaya təşəkkürünü bildirdi. Tədbirdə fərqlənən müəllimləri fəxri fərmanla təltif etdi. Tədbir məktəb rəhbərliyinin təşkil etdiyi şirniyyat süfrəsi arxasında davam etdirildi.