Məktəb şagirdlərinin iştirakı ilə Novruz şənliyi keçirilib.
Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.
İlaxır çərşənbə günü məktəbimizdə bayram abu-havası xüsusilə hiss olunurdu. Şagirdlər sevinc və həyəcanla şənliklər keçirdilər, elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşıladılar. Məktəbin Azərbaycan-dili müəllimi Aynur Qafarlı, ingilis-dili müəllimi Fidan Eyvazlı,kitabxanaçı Mehriban Ağamirovanın ,valideyn komitə sədri Şahnaz Məmmədovanın birgə təşkilatçılığı və 6 a sinif şagirdlərinin iştirakı ilə hazırlanan daha bir tədbir isə məktəbin akt zalında keçirildi. Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərdilər, mahnılar, rəqslər ifa etdilər və bahara, Novruz bayramına həsr olunan şeirlər söylədilər. Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev,müəllim və şagird kollektivi iştirak etdi. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara dərin təşəkkürünü bildirdi, onlara bayram təbriklərini çatdırdı.