Şəhid Vaqif Mərdanovun anım günü keçirilmişdir.
Şəhid Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur. Hövsan qəsəbəsində dəfn olunmuşdur.
03.11.2023-cü il tarixində şəhadətə ucalmasının 3-cü ildönümündə məzunu olduğu 118 nömrəli tam orta məktəbdə şəhid Vaqif Mərdanovun anım günü tədbiri keçirilmişdir.
İlk öncə səhər tezdən məktəb rəhbərliyi və şagirdlərin iştirakı ilə şəhidimizin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuş, dualar edilmişdir.
Daha sonra tədbir məktəbdə davam etmişdir.
Tədbirdə şəhidin ailə üzvləri, Suraxanı rayonundan olan şəhid ailələrinin üzvləri, Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi, şəhidin sinif yoldaşları,qazilər,məktəb heyəti iştirak etmişdir.
Məktəbdə davam edən anım günündə əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidin ailə üzvləri, müəllimləri,sinif yoldaşları çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır.
Anım günü tədbirində məktəblilərin ifasında şəhidimizin keçdiyi şərəfli döyüş yolu, vətənpərvərliyi təcəssüm etdirən şeirlər səsləndirildi, videoçarx nümayiş etdirilmişdir.
Tədbirdən sonra məktəb rəhbərliyi pedaqoji heyətlə birgə şəhidin ailə üzvləri ilə xatirə şəkli çəkdirmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!