Vətən müharibəsi şəhidi Muhammad Eissavinin yaşadığı ev ziyarət olundu.
Məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Güllər Məmmədli,3 d sinfinin sinif rəhbəri Nərgiz Əliyeva sinfin şagirdləri ilə birlikdə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhid Muhammad Eissavinin yaşadığı evi ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailə üzvləri şəhidin barəsində xatirələrini müəllim və şagirdlərlə bölüşüb.Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək vurğulayıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Direktor qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şagirdlərin nəzərinə çatdırılıb ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Ziyarət zamanı şagirdlər şəhidlər,Vətən haqqında şeirlər söyləyiblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Şəhidin ailə üzvləri ilə xatirə şəkli çəkdirildi.