Şəhid Vaqif Mərdanovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
10 oktyabr 2022-ci il tarixində Suraxanı rayonu, Hövsan kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Vaqif Ədalət oğlu Mərdanovun ad günü şəhidin məzarı və bulaq abidəsinin önündə, rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, 118 nömrəli tam orta məktəbin kollektivi, şagirdləri, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallarla birlikdə qeyd olundu.
Tədbiri açıq elan edən məktəbin direktoru Nizaməddin Ağcayev günün əhəmiyyəti və mahiyyəti haqqında geniş nitq söylədi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edənlər şəhid Vaqif Mərdanovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Cənab Əziz Əzizov bu gün şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısından, ali baş komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən söhbət edərək bildirdi ki, şəhidlər bu xalqın and yeridir, inam yeridir.
Daha sonra Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Fəlsəfə elmlər doktoru Mirzə Vərağa, 118 nömrəli tam orta məktəbin müəllimi Mətanət Qarayeva çıxış edərək şəhidlərin şücaətindən, xalq-ordu vəhdətindən bəhs edərək bildirdilər ki, Qarabağ Azərbaycandır.
Şagirdlərin hazırladıqları kompozisiya nümayiş olundu, şeir parçaları səsləndirildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.