Şair Oqtay Rzanın 80 illik yubileyi münasibətilə 118 nomreli tam orta mektebde şairlə görüş keçirildi

Aprelin 8 – də E.Cəfərov adına 118№-li tam ortaməktəbdə tanınmış şair, əməkdar mədəniyyət işçisi, Tusi adına ADPU – nın dosenti, əməkdar müəllim Oqtay Rza ilə görüş keçirilmişdir.Görüşü giriş sözü ilə açan məktəbin direktoru N.F.Ağcayev şairi 80 illik yubleyi münasibəti ilə təbrik etdi və dəvəti qəbul edib görüşə gəldiyinə görə məktəbin müəllim və şagird kollektivi adından ona təşəkkürünü bildirdi. Tədbirin aparıcısı məktəbin dil - ədəbiyyat müəllimi Çinarə Məhərrəmova şair haqqında qısa və yığcam məlumat verdikdən sonra şairin həyatı və yaradıcılığı haqqında məruzə etmək üçün sözü məktəbin müəllimi, şairin qələm dostu publisist Akif Məmmədova verdi. Akif müəllim Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən və sevilə-sevilə oxunan şair Oqtay Rzanın çoxşaxəli yaradıcılıq yolundan danışdı, onun indiyədək müxtəlif mükafatlara, o cümlədən, beynəlxalq R.Rza, Araz, M.Müşfiq, C.Cabbarlı adına mükafatlara, “Qızıl Qələm” media mükafatına layiq görüldüyünü vurğuladı. Şairin elm-təhsil yolunda da yorulmaz fəaliyyətindən danışan Akif müəllim onun bugün də əsl gənclik eşqi ilə gənclərə, sevimli tələbələrinə, “geologiya və minerologiya” fənnini tədris etdiyini söylədi. Məruzəçi uzun müddət tanıdığı, dostluq etdiyi şairlə bağlı maraqlı görüşlərindən yaranan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Sonra söz şagirdlərə verildi. 8c sinif şagirdlərindən Rəhimə və Dürsədəf Almasovalar, 8b sinif şagirdi Ruhəngiz Abıyeva, 7a sinfindən Fidan Vəliyeva, şairin şeirlərindən nümunələr söylədilər. Söz şairə verildi. O, tədbirin təşkilatçılarına dərin və səmimi təşəkkürünü bildirdikdən sonra yeni şeirlərini oxudu, tədbir iştirakçılarının çoxsaylı suallarını səmimi şəkildə cavablandırdı.Görüşün sonunda məktəbin direktoru N.F.Ağcayev tədbirdə fəal iştirakına görə bir qrup müəllim və şagirdləri, o cümlədən, ssenari müəllifi Çinarə Məhərrəmovanı, məruzəçi Akif Məmmədovu, müəllimə Aynur Məmmədovanı, şeir ifaçıları Dürsədəf Almasovanı, Ruhəngiz Abıyevanı, Rəhimə Almasovanı, Fidan Vəliyevanı, eləcə də, Oqtay Rzanın yaradıcılığına inşa yazıları həsr etmiş şagirdlərdən Səbinə Minaxanovanı, Fatimə Xurşudovanı, Sevda Məmmədovanı məktəb müdiriyyəti adından Fəxri Fərmanla təltif etdi və öz təşəkkürünü bildirdi.Sonra şair bir daha bu cür səmimi, möhtəşəm və maraqlı görüşü təşkil etdiklərinə görə məktəbin müdiriyyətinə, müəllim və şagird kollektivinə öz dərin minnətdarlığını bildirdi. Şagird və müəllimlər tədbirdən yüksək təəssüratlarla ayrıldılar. Daha sonra maraqlı keçən bu görüş şairin şirin söhbətləri ilə çay süfrəsi arxasında davam etdirildi.