Müstəqilliyimiz əbədidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı verdiyi sərəncama əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı ilə şəhərin bütün ümumtəhsil məktəblərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu sərəncama əsasən, tədbirin keçirilməsi ilə bağlı məktəbin direktoru Nizaməddin Ağcayev tərəfindən Təşkilat komitəsi yaradıldı. Təşkil olunmuş komitə tərəfindən 18.10.2016-cı il tarixində Suraxanı rayonu E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə də ”Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirin aparıcıları - Quliyev Orxan və Musayeva Aysel ötən 25 il ərzində Azərbaycan xalqının dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndirilməsindən, iqtisadiyyatımızın inkişaf etdirilməsindən, mədəniyyətimizin zənginləşdirilməsindən geniş söhbət açdılar. Müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşının və xaricdə yaşayan soydaşlarımızın əsl qürur mənbəyi olması xüsusi vurğulandı. Tədbirdə Baxşəliyeva Ləman, Sadıqova Sumayə, Bədirli Röya, Rəhimova Aytən, Fətəliyeva Aynur, Məmmədli Səbinə, Məmmədova Şahanə, Məmmədli Fatimə və başqalarının ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirildi. Eyni zamanda tədbirdə müstəqil Azərbaycanın dinamik inkişafı ilə bağlı maraqlı video- çarxlar nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsindən, iqtisadi artım tempinə görə ölkəmizin nəinki regionda, həm də dünyada lider mövqeyə çatmasından, müasir Azərbaycan Respublikasının dövlət qurucusu Azərbaycan xalqının xilaskarı, ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələrindən danışdı. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycanın indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonda hər kəsi bu şərəfli gün münasibəti ilə təbrik etdi.