SON ZƏNG - SON SƏDA

«Dayanın çalmayın sonuncu zəngi,yoxsa urəyimə toxunacaqdır.Bir zaman «gəl» deyə o doğma səsdə,bir hicran nəgməsi oxunacaqdır».11 il öncə ürkək addımlarla bu möhtəşəm məktəb binasına daxil olan qayğısız, ərköyün uşaqlar bu gün qanadları bərkiyərək doğma yuvadan uçmağa hazırlaşan ağıllı eyni zamanda həyat eşqi ilə dolu gənclər... Hər gün eyni vaxtda dərslərə tələsən bu şagirdlər, məşğələlərin bitməsini nizamlayan zəng səsini səbirsizliklə gözlədikləri halda, bu gün sanki dərs saatlarının daha da uzanmasını səmimi qəlbdən arzulayır və heç yerə tələsmirdilər. İllərdir məktəbin himayəsində böyüyən şagirləri bir gün haçansa çətin və keçməkeçli həyat yollarında tək yürümək, sərbəst qərarlar vermək, həyat yolunu bəlirləmək kimi düşüncələri yalnız bu gün ciddi surətdə narahat edirdi. Sevimli müəllimlərinin dəyərli məsləhətlərini acgözlüklə dinləyir və əbədilik yaddaşlarına həkk etməyə çalışırdılar. Bəli, uşaqlıq illəri arxada qaldı. Bu gün, məktəbi bitirən hər bir məzun üçün yeni bir dönəmə tramplin olacaqdır. Məzunlar həyəcanla onlar üçün həlledici olan o dəqiqələri gözləyirdilər.«Son zəng» tədbirinə start verildi. «Məktəb illəri»nin sədaları altında məzunlar xüsusi zövqlə bəzədikləri məkanda sonuncu dəfə sıraya düzüldülər. Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi geyimdə olan şagirdlərin müşaiyəti ilə gətirildi. Məktəbin direktoru N.F.Ağcayev salamlaşdı və tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bir-birinin ardınca məzunların çıxışları hər kəsin zövqünü oxşadı. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbə üzrə nümayəndəsi Ağasəlim Əliyev, məktəb-valideyn icmasının sədri Allahverdi Məmmədzadə valideynlər, keşmiş məzunlar və digər qonaqlar da iştirak edirdi. Al-əlvan çiçəkləri xatırladan geyimlərdə olan məzunların ifalarında həm şən, həm də kədərli notlar var idi. Onların səmimi çıxışları tədbirdə iştirak edən hər kəsin qəlbinə toxundu. Öz müəllimlərini xüsusi olaraq təbrik edib və dərin təşəkkürlərini bildirdilər. Sinif rəhbərləri də öz növbəsində şagirdlərə uğurlar diləyirdilər. Xüsusilə, 11a sinfinin rəhbəri Şəfiqə Həsənovanın sentimental çıxışı bütün müəllimləri, valideynləri və məzunları kövrəltdi. Məktəbin direktoru Nizaməddin müəllim məzunları təbrik etdi və onlardan yüksək nəticələr gözlədiyini vurğuladı. Elm və bilik açarı təhvil verildi. Nəhayət, zəng çalındı. O zəng ki, artıq həmişəlik olaraq məzunları məktəbdən, doğma sinif otaqlarından, əziz müəllilərindən, dostlarından ayıracaq. O zəng ki, heç bir zaman unudulmayacaq. «SON ZƏNG» şeirinin sədaları altında cingildəyən zəngin səsi məzunların göz yaşlarıyla müşaiyət olundu. Tədbir məzunların şən rəqsləri ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi