«BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ»

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.Sovet Rusiyasının 11-ci Qırmızı ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir. Bu gün məktəbimizdə Azərbaycan Demokratik Respublikasının yaranmasının 98 ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə açıldı. 8a sinif şagirdlərinin ifasında xronoloji ardıcıllıqla Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, fəaliyyəti, süqutu haqqında geniş məlumat verildi. Videoçarxlar nümayiş etdirildi. Mövzunu özündə əks etdirən şeirlər səsləndirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək öz münasibətini bildirdi. Müstəqil və Demokratik Azərbaycan Respublikasına şərəflə və vicdanla xidmət etməyin hər bir vətəndaş kimi bizim də ən ümdə vəzifəmiz olduğunu bildirdi və Ali Baş Komandan cənab İlham Əliyevin ətafında sıx birləşərək Vətən və xalq uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduğumuzu xüsusilə vurğuladı. Tədbir «Çırpınırdın Qara dəniz» mahnısının sədaları altında başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi