BİRİNCİLƏRİN HESABAT TƏDBİRİ KEÇİRİLDİ

«Laylasında anam mənə, belə demiş dönə-dönə: - Bir anan mən, biri Vətən, yadda saxla bunları sən....». Nağıl kimi rəngli dünyaları olan, cingiltili qəh-qəhələri, qayğısız, şaqraq gülüşləri ilə hər evə, ailəyə, elə-obaya sevinc gətirən körpə fidan balalar. Gələcəyin parlaq beyinləri, dərin zəkaları olacaq, ancaq indi hələ öz təmiz, saf və səmimi simaları ilə hər kəsin qəlbinə yol açan və çöhrələrdə gülüş yaradan şirin, şəkər balalar. Hələ 1 il öncə qədəmləri titrəyən, addımları dolaşan, ürkək baxışlarla bu böyük və əzəmətli binadan, oradan çıxan səliqəli və təmiz geyimli şagirdlərdən nəzərini çəkə bilməyən fidanlar, bu gün artıq 1 yaş daha böyüyərək , bilik və bacarıqlara yiyələnmiş və böyük əzəmətli binanın böyük şagird izdihamında qətiyyətlə və qürurla irəliləyir və içində artıq əzbər oxuduğu kitabları, sərbəst hərf və rəqəmləri yaza bildiyi dəftərləri, qələmləri olan məktəbli çantasını şərəflə daşıyır. Arzuları sonsuzdur, xəyalları ümmanlara yüksəlir bu körpələrin. Bu gün onlar çox həyəcanlıdırlar. Sinif otaqlarını rəngarəng şarlarla, çiçəklərlə bəzəmiş və səbirsizliklə həm valideynlərinin, müəllimlərinin, həm də bütün məktəb kollektivinin önündə verəcəkləri möhtəşəm bayram-hesabatlarının başlayacağı saatı gözləyirlər. Nəhayət, həmin an gəlib çatdı. Qədim Hövsan kəndinin 40 ildən çoxdur ki, gənc nəslinə təlim-tərbiyə verən 118№-li tam orta məktəbin müəllim və şagird kollektivi , növbəti fidanlarının –Nüşabə müəllimənin 1b sinfinin şənliyinə yığıldı. Bayram tədbiri Dövlət Himninin səslənməsi ilə başladı. Aparıcılar hər kəsi salamladıqdan sonra «Azərbaycan!Arzum mənim, Kürüm, həm Arazım mənim. Adın doğma Ana Vətən, anam tək əzizim mənim!» şeiri ilə tədbiri açıq elan etdilər. Vətənpərvər mahnılar və şeirlərlə hər kəsin zövqünü oxşadılar. Müxtəlif peşələrə yiyələnmə arzusunu əks etdirən səhnəcik də xoş təəssurat yaratdı. Oxumağı-yazmağı öyrədən müəllimə həsr olunmuş kompozisiya, həm ingilis, həm azərbaycan dilində səslənən və rəqslə müşaiyət olunan «Cücələrim» mahnısı, «Qaraçı» rəqsi və s. çıxışlar alqışlarla davam etdi. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək böyük məmnunluğunu bildirdi. Birinciləri tək-tək təbrik etdi və onlara sonunadək arxa-dayaq olacağına söz verdi. Şagirdlərimizə təhsil almaq üçün bu cür gözəl şəraiti və azad, təhlükəsiz həyatı təmin edən dövlətimizə və dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya kollektiv adından təşəkkür etdi. Tədbir körpələrin rəqsi ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi