Müəllimlərimizi tanıyaq layihəsi!!!!
E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin rus dili muəllimi
Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası , nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən , mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı , sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır.
Bu geniş ürəyə sahib olan müəllimlərimizdən biri də Əfəndiyeva Gülnarədir. Əfəndiyeva Gülnarə Lətif qızı 1961 –ci ildə Bakı şəhəri ziyalı ailəsində anadan olmuşdur. O, 1968-1978-ci ilərdə Bakı şəhəri 31 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1978- ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olub. Müəllimlik fəaliyyətinə çox erkən yaşlarında başlayıb. Hələ 1981-ci ildən Məktəblərarası TİK-da “Müasir kargüzarlığın əsasları” ixtisasını tədris etmişdir.
1984-cü ildə institutu bitirdikdən sonra sevib- seçdiyi rus dili müəllimi peşəsi ilə məşğul olmağa başlayıb. İlk dəfə jurnal götürüb Nizami rayonundakı 32 nömrəli tam orta məktəbdə gələcəyimiz olan şagirdlərə rus dili fənnini tədris edib. Bir müddət Nizami rayonu metodkabinetində rus dili üzrə ştatdankənar metodbirləşmə sədri kimi fəaliyyət göstərib. Xüsusilə qeyd etmək istəyirəm ki, atası Lətif Əfəndiyev görkəmli ziyalı, Təhsil Nazirliyi əməkdaşı olub. Peşəsinə hədsiz məhəbbəti o zamandan yaranıb.
2011-ci ildən Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbədə rus dili müəllimi işləyir. Harada işləməyindən asılı olmayaraq , çalışır ki, gələcək nəsilə elmin bütün sirlərini aşılasın. Məktəb üzrə “Rus dili gecəsi”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş geniş tədbirlərin təşkilatçısı olub. Hal- hazırda bacardığı qədər məktəbin ictimai işlərində yaxından iştirak edir. Tədris etdiyi məzunlarının əksəriyyəti ali və orta ixtisas müəsisələrinə yüksək nəticə ilə qəbul olublar. 2019-cu ildən 118 nömrəli tam orta məktəb üzrə Həmkarlar Təşkilatının sədri kimi ictimai işlə məşğuldur.
Artıq 10 ildir ki, 118 nömrəli tam orta məktəbdə müəllim işləyir . Ümumi 40 ildir ki, pedaqoq kimi fəaliyyət göstərir.
Ailəlidir. Iki övladı var.
O, bildirdi ki, həyatda qazanc dalınca qaçmaqdan daha da gözəl işlər var, əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər:
İnsan yetişdirmək kimi.
Hərdən parta arxasında oturan o kiçik yaşlı uşağa şəxsiyyət kimi baxın. Unutmayın ki, bu gün ona təmənnasız verəcəyimiz , öyrədəcəyimiz elm, bilik, savad , həyata doğru- düzgün baxış, xoş əməllər , bir vaxt olacaq bizə qayıdacaq.