Azərbaycan xalqının tarix salnaməsində şərəfli və qürurverici anlar çox olub. Bu, qırx dörd günlük II Qarabağ müharibəsində də bir daha özünü göstərdi
Azərbaycan xalqının tarix salnaməsində şərəfli və qürurverici anlar çox olub. Bu, qırx dörd günlük II Qarabağ müharibəsində də bir daha özünü göstərdi. Böyük Vətən müharibəsi dövründə əzmkar ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız ardıcıl olaraq işğaldan azad edildikcə cənab Prezidentimiz İlham Əliyev xalqın və ordunun ətrafında dəmir yumruq kimi dayanaraq yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı çoxsaylı layihələrə imza atmışdır.
Tarix boyu Azərbaycan coğrafi, iqtisadi mövqeyinə görə strateji əhəmiyyətə malik olmuşdur. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyən və istənilən köməyi göstərməyə hazır olan ölkələr – qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna Azərbaycanda infrastruktur və yenidənqurmanın həyata keçirilməsində əməkdaşlıq etməyə hazır olduqlarını dəfələrlə qeyd etmişdilər. Cənab Prezident vurğuladığı kimi işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.
Böyük qələbə sayəsində Azərbaycan daha da cəlbedici investisiya ölkəsinə çevrilib. Artıq Qarabağ ərazisi bütöv Azərbaycanın iqtisadi inkişafına geniş yol açacaq. Əlverişli təbiəti, zəngin resursları, yeraltı və yerüstü sərvətləri ilə Qarabağ Azərbaycanın dünyaya açılan yeni bir pəncərəsi olacaq. Azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək.
Hazırda Qarabağda yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edir. Belə ki, üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu inşa ediləcək. Bəlkə, minlərlə kilometr avtomobil yolu çəkiləcək həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Ulu öndərin vaxtilə böyük uzaqgörənliklə söylədiyi “Yol iqtisadiyyat, mədəniyyət - bir sözlə, həyat deməkdir” sözləri hər zaman öz aktuallığını saxlamaqdadır. Biz də Qarabağda yeni yollar quraraq uğurlu bir başlanğıca qədəm qoyacağıq. Cənab Prezidentin təbirincə desək, Qarabağ, biz qayıdırıq. Qarabağ, biz səni dirçəldəcəyik!
Şuşa, Kəlbəcər və Laçında müxtəlif növdə mineral su ehtiyatı mənbələrimiz var. Bu suları həm qablaşdıraraq ölkə bazarında yerli məhsulların çeşidini artırmaq, hətta yaxın xarici ölkələrə ixracını həyata keçirmək olar. Bundan əlavə olaraq həmin mineral sular qaynayan ərazilərdə turizmin inkişafını təmin etmək üçün xüsusi tipli turizm mərkəzlərinin tikintisini təmin etmək olar.
Qarabağ ərazisi qeyri-neft sənayesinin inkişafına görə də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət sahəsinin tərəqqisi dünya ölkələrinin Azərbaycana inteqrasiyası və əməkdaşlığı üçün geniş imkanlar yaradacaqdır .
Artıq Qarabağ ərazisi böyük qayıdışın astanasındadır. Vətəndaşlarımızın öz əzəli torpaqlarında rahat və firavan yaşayışının təmin olunması üçün bu istiqamətdə təxirəsalınmaz layihələr həyata keçirilir. Pilot layihələrin icrasi da başlanıb. “Ağıllı kənd” layihəsi artıq icra olunur. Bütün dünyada “Ağıllı kənd” layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də çıxışı olsun. “Ağıllı kənd” layihəsinin digər məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Bütün bunlar xalqımızın rahat yaşayışı üçündür. Cənab Prezident qeyd etmişdir ki, 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.
İşğaldan azad edilmiş torpaqlar üzümüçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Burada qarğıdalı, noxud və üzüm regionun xarakterik bitkilərindəndir. Xatırladaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizin təbii imkanları, kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər.
Qarabağ “yaşıl enerji” zonasıdır və bu bölgə alternativ enerji mənbəyinə çevriləcəkdir. Ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu külli-miqdarda ziyanı və müəyyən zaman çərçivəsində tükəndiyini nəzərə alsaq, bərpa oluna bilən alternativ enerji mənbələrinin fasiləsiz fəaliyyət göstərməsi və ekoloji təmizliyin qorunmasına olan töhfəsi energetika sektorunda əsaslı tranzisiyaya zərurət yaradır və təbii olaraq ölkəmiz bu sahədə artıq öz sağlam addımlarını atmışdır. Belə ki, işğaldan azad olunmuş Laçının Güləbird kəndində 8 meqavatt gücündə Su Elektrik Stansiyası istismara verilmişdir. Bu stansiya azad edilmiş torpaqlarımızda fəaliyyətə başlayan ilk elektrik stansiyası hesab edilir. Hidroenerji dünyada ekoloji baxımdan ən təmiz enerji növüdür və Azərbaycan bu enerji növündən tam yararlanmaq üçün əlverişli potensiala sahibdir.
Onu da qeyd edək ki, Qarabağ və ətraf əraziləri yalnız hidroenerji deyil, həm də külək, günəş, bioenerji və geotermal enerji kimi bərpa olunan mənbələrlə zəngindir.
Biz inanırıq ki, Cənab Prezidentin uğurlu siyasəti, atdığı addımlar, Qarabağın dirçəldilməsi ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın dünya arenasında, beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq.
Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu.