Heydər Əliyevin 93-cü ildönümü münasibətilə tədbir keçirildi
«Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz bir lider idi». Dzünitiro Koidzumi-Yaponiyanın baş naziri.Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında mayın 10-u xüsusi anlam daşıyır. Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayonlarda ağacəkmə aksiyaları keçirilib. Ağacəkmə aksiyalarında nazirliyin yerli qurumlarının minlərlə əməkdaşı iştirak edib. Respublika üzrə 34 hektar ərazidə dibçəklərdə yetişdirilmiş 55 minə yaxın Eldar şamı, sərv, tuya və digər həmişəyaşıl ağacları əkilib. Bu tədbirdə Suraxanı rayonu E. Cəfərov adına 118 №-li tam orta məktəbin şagird və müəllim kollektivi də böyük səy və coşqu ilə iştirak etmişdir. Silsilə tədbirlərin davamı olaraq məktəbdə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verildi. Əbədiyaşar Prezidentin həyatının müxtəlif dönəmlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Şagirdlərin ifasında şeirlər səsləndirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək Azərbaycan xalqını qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru, Azərbaycan dövlətini formal müstəqillikdən real müstəqilliyə doğru aparan, Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacaran tarixi fenomen Heydər Əliyev şəxsiyyətinin bizim və gələcək nəsillər üçün qiymətinin və dəyərinin sərhədsiz olduğunu vurğuladı.