Böyük şair, mütəfəkkir və filosof MƏHƏMMƏD FÜZULİYƏ həsr olunmuş «VER SÖZƏ EHYA Kİ.....» ədəbi-bədii gecəsi keçirildi

«Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,Edə hər saət səni ol uyqudan bidar söz.Gər çox istərsən, Füzuli, izzətin, az et sözükim, çox olmaqdan qılıbdır çox əzizi xar söz».XVI əsrin Yaxın Şərq xalqları içərisində üç dildə orta əsrin bütün ədəbi növlərində əsərlər yaradan, son dərəcə zəngin və çoxcəhətli bi yaradıcılığa malik olan, qüdrətli və böyük sənətkar, söz məbədi, lirik qəzəllərin yaradıcısı, ustadı, orta əsr Azərbaycan türk şairi, mütəfəkkir və filosof, Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri Məhəmməd Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun» poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı «Mətləül-etiqad» əsərində əksini tapmışdır. Füzuli burada Aristotel,Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Öz seirlərində, XVI əsrə qədər Azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır.Böyük şair 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir və orada da dəfn olunmuşdur. Bir qəzəlində :Ucaldın qəbrim, ey bidərdlər səngi-məlamətdənKi, mə´lum ola dərd əhlinə qəbrim ol əlamətdən Məzarim üzrə qoymun mil əgər kuyində can versəm,Qoyun bir sayə düşsün qəbrimə ol sərviqamətdən!-deyərək, İmam Hüseynin qəbri yanında basdırılmasını arzulamışdır. Bu gün E. Cəfərov adına 118№-li tam orta məktəbdə dahi Füzulinin vəfatının 560 illiyinə həsr edilmiş «Ver sözə ehya ki....» ədəbi-bədii gecəsi keçirilmişdir. Qüdrətli sənətkarımızın poeziya aləminə, söz gülşəninə istedadlı şagirdlərimiz, musiqiçiləriiz, xanəndələrimiz vasitəsilə səyahət etmək üçün ruhumuzun mənəvi bayramına, lirika işığına məktəbin şagird və müəllim kollektivi ilə yanaşı çox hörmətli qonaqlar da təşrif buyurmuşdular. Onların arasında, əruz vəzninin Azərbaycan ədəbiyyatında işlənən bütün bəhrlərində gözəl şeir nümunələri yaradan Məhəmməd Füzuli yaradıcılığının araşdırıcısı Hacı Arif Buzovnalı, Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndələri Yeganə Rəşidova, Rəşid Məmmədov, Suraxanı rayonu İH-nin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev, Hövsan musiqi məktəbinin direktoru Möhüb Babayev,Hövsan qəsəbəsindəki M.Əliyev adına Mədəniyyət evinin direktoru Zenfira Vəliyeva, kəndin ziyalısı Hacı Fazil Nəzərov, Hövsan qəsəbə gənclər icmasının üzvü Anar Əsədullayev, məktəb valideyn icmasının sədri Hacı Allahverən Məmmədzadə, valideyn icmasının üzvü Şaiq Əliyev, istedadlı xanəndəmiz Seymur Niftiyev, M.Əliyev adına Mədəniyyət evi «Rəssamlıq dərnəyi»nin rəhbəri İsmayıl Cabbarov, məktəbin qocaman müəllimi Seyran müəllimə və başqaları var idi.Dahi Ü.Hacıbəyovun möhtəşəm «Şəbi-Hicran»ının sədaları altında açılan ədəbi-bədii gecənin açılışı elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad edildi. Ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Məktəb şagirdlərinin ifa etdikləri qəzəl və rübailər, bəstəkar və xalq mahnıları, muğamlar bir-birinin ardınca bal kimi qulaqlardan könüllərə incə-incə süzülərək hər kəsi böyük Füzulinin əsrarəngiz poeziyasının sehrinə saldı. Şagirdlərimiz Sübhan Nəzərli və Dürsədəf Almasova «Şəbi Hicran» kompozisiyasını ifa etdilər. Nəhayət Azərbaycan opera sənətinin banisi Ü. Hacıbəyovun «Leyli və Məcnun» operasından bir hissə 8-ci sinif şagirdi Şəhanə Məmmədova və xanəndə Seymur Niftiyevin ifasında səsləndi. Hacı Arif Buzovnalı gözəl qəzəlləri ilə məclisə rəng qatdı. «Qarabağ şikəstəsi»ni hər kəs ayaq üstə və böyük alqış və coşqu ilə müşaiyət etdi. Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək tədbirin təşkilatçılarına-Rəhilə Hacıyevaya, Akif Məmmədova, Mehparə Salmanovaya, Ətlaz Ağcayevaya və s. öz dərin təşəkkürünü bildirdi, şagirdləri fəxri fərmanlarla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi