Nur Bəxş Edən Bir Ömür-Zərifə Əliyeva

 

Zərifə Əliyeva – bu ad təkcə elmi uğurların deyil, eyni zamanda zərifliyin, vətənə və xalqa xidmətin simvoludur. Onun elmi fəaliyyəti, ictimai duruşu, insani keyfiyyətləri və milli təbabətə verdiyi töhfələr Azərbaycan tarixində silinməz iz buraxmışdır.

          O, 1923-cü ildə görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, uşaqlıqdan yüksək mənəvi dəyərlər, zəhmət və vətənpərvərlik ruhunda tərbiyə almışdır. Bu keyfiyyətlər sonralar onun həm həyat yolunda, həm də elmi fəaliyyətində öz parlaq əksini tapmışdır. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmiş və 1947-ci ildə institutu yüksək nəticələrlə bitirmişdir.

          1949-cu ildən etibarən həyatını oftalmologiya elminə həsr edən Zərifə xanım, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışaraq, bu sahənin inkişafında misilsiz xidmətlər göstərmişdir. O, XX əsrin ortalarında ölkədə geniş yayılmış və insanların həyat keyfiyyətini aşağı salan traxoma infeksiyası ilə mübarizədə müstəsna rol oynamışdır. Onun elmi araşdırmaları nəticəsində təklif edilən müalicə üsulu qısa zamanda bütün ölkədə tətbiq olunmuş, xəstəlik tədricən aradan qaldırılmışdır.Onun dissertasiya işləri göz xəstəliklərinin sənaye mühitində yayılma xüsusiyyətlərinə, onların qarşısının alınması yollarına həsr olunmuş və ilk dəfə olaraq bu sahədə dərin elmi araşdırmalar aparılmışdır. Təkcə nəzəri biliklərlə kifayətlənməyən Zərifə xanım praktik təbabətdə də öz sözünü demiş, minlərlə insanın gözlərinə nur bəxş etmişdir.

O, SSRİ dövründə çox az sayda qadın alimin ala bildiyi “akademik” adını almış, uzun illər AMEA-nın həqiqi üzvü olaraq elmi işlərə rəhbərlik etmişdir. Zərifə Əliyevanın müəllifi olduğu elmi əsərlər, dərsliklər və monoqrafiyalar bu gün də tibb tələbələri və mütəxəssislər üçün dəyərli qaynaqdır.

 Zərifə xanımın ən dəyərli cəhəti onun insani keyfiyyətləri, zərifliyi, sadəliyi və təvazökarlığı idi. Ömrünün sonunadək yüksək vəzifələr daşımasına baxmayaraq, o, hər zaman sadə bir Azərbaycan ziyalısı olaraq qalmış, qadın və ana kimi borclarını da böyük məsuliyyətlə yerinə yetirmişdir. Ulu Öndər Heydər Əliyev Zərifə xanımı belə xarakterizə etmişdir: “O, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan idi.”

    Zərifə Əliyevanın mənəvi irsi bu gün də yaşayır – onun haqqında yazılan əsərlər, çəkilən filmlər, adı verilən tibb müəssisələri və təhsil ocaqları bunu bir daha təsdiqləyir. Biz onu yalnız böyük alim və ictimai xadim kimi deyil, həm də parlaq şəxsiyyət, Azərbaycan qadınının iftixarı kimi xatırlayırıq.

    Akademik Zərifə Əliyeva – şəfqətin, biliyin və vətənə sevginin rəmzi olaraq yaddaşlarda əbədi yaşayacaq!

 

  Kərəm Mehdiyev

                          

 Suraxanı rayonu, 104№li tam orta məktəbin direktoru

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi