Dəyərlərimizi qoruyaq

01 mart 2024-cü il tarixdə məktəbimizdə ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir həyata keçirilib.

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, onlarda yaradıcı düşüncə bacarıqlarının gücləndirilməsi məqsədilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, məktəbin direktoru Mailə İsmayılova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar məktəblilərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Tədbiri Ulu öndər Heydər Əliyevin: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir” sözləri ilə açan məktəbin direktoru Mailə İsmayılova qonaqları salamlayaraq bildirib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. M.İsmayılova onu da qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi. Milli dəyərlərimizə xüsusi diqqətlə yanaşan ümummilli liderimiz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində "Kitabi-Dədə Qorqud" dastanı özünün layiqli yerini tutmuş və qiymətini almışdır. Ulu öndər Heydər Əliyev eposu son dərəcə yüksək qiymətləndirir, "Kitabi-Dədə Qorqud"u Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü, nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi" adlandırırdı. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev də milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək dəyər verir. Ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların və digər ibadət evlərinin ardıcıl olaraq əsaslı təmir edilərək və ya yenidən qurularaq insanların istifadəsinə verilməsi dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi ən yüksək töhfədir. Milli-mənəvi dəyərlərimizin qorunmasında və bunların dünyada təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Təkcə bir faktı göstərmək kifayətdir ki, Heydər Əliyev Fondunun Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti xalqımızın bu milli sərvətini dünya miqyasında şöhrətləndirmişdir. S.Süleymanova mənəvi dəyərlərin qorunması, saxlanması və öyrənilməsi barədə tədbirlərin məktəbdə keçirilməsinin şagirdlər üçün olduqca vacib və əhəmiyyətli olmasını vurğuladı, gənclərin vətənpərvər vətəndaş və şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynamasını, tarix boyu mənəvi sərvətimizə göz tikən yadellilərin olmasını, amma bir millətin dəyəri onun qanında, genetik fondunda olduğu üçün milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdlərinin hər zaman boşa çıxdığını bildirdi.

Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən “Ana dilimiz milli sərvətimizdir!” çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə, dəyərlərimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar, rəqslər nümayiş etdirdilər.

Sonda xatirə fotosu çəkildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi