"Tarixi yurd yerimiz Şuşa" adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi ilə məktəbimizin müəllim və şagirdlərinin əməkdaşlığı nəticəsində birgə tədbirlərin təşkili davam edir. Bu dəfə Mərkəzi Kitabxanada "Tarixi yurd yerimiz Şuşa" adlı tədbir keçirildi. Tədbirdə məktəbin 2 "b" sinif şagirdləri və sinif müəllimi İlahə Əhmədova iştirak etdi.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəblilərə Azərbaycanın Mədəniyyət Paytaxtı, Qarabağın baş tacı, tarixi yurd yerimiz olan Şuşa haqqında ətraflı məlumat verdi. Qeyd edildi ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu il Şuşanın 270 illiyi qeyd olunacaq.
Məktəblilərə həmçinin Şuşa azad olunduqdan sonra burada aparılan bərpa-quruculuq işləri, bərpa olunan mədəni irsimiz, mədəniyyət ocaqlarımız haqqında məlumat verildi. Kiçikyaşlı məktəblilərə B.Bağırzadənin müəllifi olduğu "Şuşa" kitabında yer alan "Şuşa qalası" və "Cıdır düzü" adlı məlumatlar oxundu.
Tədbirdə məktəblilər "Şuşada çaldıq zəfər", "Şuşam mənim", "Şuşa" adlı şeir kompozisiyalarını təqdim etdilər. Muradova Məryəm dayısı, Vətən Müharibəsi Şəhidi Quliyev Hüseynə həsr olunmuş şeir səsləndirdi.
İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəblilərə Şuşanın görkəmli şəxsiyyətləri haqqında məlumat verdi və eyniadlı video-çarx təqdim etdi. Məktəblilərə Şuşada yaşayıb-yaratmış görkəmli Azərbaycan şairəsi Xanqızı Xurşidbanu Natəvan, Şuşanın görkəmli nəsilləri olan Hacıbəylilər, Bədəlbəylilər, Əmirovlar və başqaları haqqında məlumat təqdim etdi. Daha sonra Şuşa mövzusunda məktəblilərin çəkdikləri rəsmlər nümayiş olundu. Onlar öz rəsm nümunələri haqqında qısaca məlumat verdilər. Tədbirin sonunda mövzu ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirildi.
Tədbirin məqsədi Şuşa haqqında, Şuşanın tarixi, mədəni irsi haqqında məktəbliləri daha ətraflı məlumatlandırmaq oldu.