Xalqımın şanlı zəfəri

Məktəbimizin müəllim və şagirdlərinin Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir.
Məktəblilər ekskursiya çərçivəsində Vətən Müharibəsi zamanı qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa ediblər.
Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər də yaşadıb.