Yeni dərs ili başlayır
Sentyabrın 15 –də 2020-2021-ci tədris ilinin ilk dərsləri başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq dərslər mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədris olunub. I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İlk dərslər I-IV siniflərdə əyani formada “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə distant (məsafədən) formada “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə distant (məsafədən) formada “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
Təhsil Nazirliyinin əmrinə əsasən keçirilən dərslərin əsas məqsədi pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərinə düşən məsuliyyəti onlara anlatmaqdan ibarətdir.
Müəllimlər dərs zamanı şagirdlərə COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları, sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə geniş məlumatlar veriblər.
Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.