Təbiət və səmərəli texnologiya

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib.
Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya heyətini üzvləri - AMEA-nın Botanika İnstitutunun elmi işçisi Ceyhunə Cəfərova, təbiətşünas, təlimçi Savalan Məmmədli və 100 saylı tam orta məktəbin VIII-IX sinif şagirdləri iştirak edib.
İlk öncə qonaqları salamlayan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova bildirib ki, layihənin məqsədi və şagirdlər üçün faydası gəncləri elmə həvəsləndirmək və onları maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet, ətraf mühit, canlılar və insan orqanizmi ilə bağlı bilikləri artırmaqdır.
Daha sonra çıxış edən təbiətşünas, təlimçi Savalan Məmmədli canlılardan ilham alınaraq bir çox texnoloji yeniliklər əldə edilməsi, su zanbağı bitkisinin xüsusiyyətləri əsasında çirklənməyən boya maddələrinin əldə edilməsi, bayquş qanadlarından səssiz qatarlar, qutu balığından aerodinamik avtomobil, yelkən balığından effektiv mühərrik, qekkon kərtənkələsindən robotlar, hörümçək ipəyindən quşları qoruyan şüşələr, termit yuvalarından ventilyasiya sistemləri və digər bir çox müasir texnologiyaların hazırlanması barədə məlumatlar verib.
Seminar ərzində slaydlar, video və şəkillər vasitəsilə bu texnoloji yeniliklərdən nümunələr təqdim edilib.