FƏXRİMİZ

        Qarabağ əsrarəngiz gözəlliyi, füsünkar təbiəti, zəngin təbii ehtiyatları ilə seçilən bir cənnətməkandır. Qarabağ qədim mədəniyyəti, tarixi abidələri ilə seçilən bir diyardır. Tariximizin daş yaddaşı olan Qarabağ təkcə Azərbaycan xalqının yox, bütün türk-müsəlman dünyasının qibləgahı, namusu, qeyrətidir.

      Qarabağ əsrlər boyu düşmənlərimizə göz dağı olub. Onu tar-mar etməkdən tarixi düşmən-lərimiz həzz alıblar. Qarabağ şəhid diyarıdır. Ən ağrılı yerimiz olan Qarabağ torpaqları uğrunda ata-babalarımızda, bu gün biz də nə qədər qanlar axıdıb, qurbanlar vermişik. Minlərlər övladı-mız şəhid olub, itkin düşüb. Bizim Namiq də şəhidlər cərgəsindədir.

      Namiq Telman oğlu Fərəczadə 01 oktyabr 1974-cü ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində anadan olmuşdur. Namiq zəhmətkeş bir ailədə böyümüşdür. O, 1981-1989-cu illərdə Binəqədi rayonu 100 saylı orta məktəbdə təhsil almışdır. 1989-1992-ci illərdə Bakı şəhəri 79 nömrəli peşə məktəbində təhsilini davam etdirərək, proqramla idarə edilən dəzgah və manipulyatorların sazlayıcısı ixtisasına yiyələnmişdir.

     1992-ci ildə Binəqədi rayonu hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətdə olduğu zaman hərbi texnikanın sirlərinə yiyələnmiş və Ağdam rayonunda yerləşən 708 saylı hərbi hissənin 4-cü batalyonunda düşmənə qarşı mübarizə aparmışdır. Vətən uğrunda vuruşan Namiqin igidliyinin canlı şəhidləri çoxdur. Namiqin xidmət etdiyi batalyonun “Fərrux”, “Qızılcabel” yüksəkliklərinin fəth edilməsində xidmətləri böyük olmuşdur. Namiq bu döyüşlərdə əsl vətənpərvər kimi özünü göstərmişdir. 20 yanvar 1993-cü ildə Ağdam rayonunun Şelli kəndi yaxınlığındakı “Qızılcabel” yüksəkliyi 4-cü batalyon tərəfindən düşmən əsarətindən azad edilir. Olduqca cəsur və  mərd olan Namiq düşməndən intiqam almaq üçün son nəfəsinə qədər vuruşdu. Həmin döyüşdə Namiq Fərəczadə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvə-sinə ucaldı. Döyüş yoldaşları Namiq Fəraczadəni Şəhidlər Xiyabanında dəfn etdilər.

      Həmin il 708 nömrəli hərbi hissənin 4-cü batalyonun zabit və əsgər heyəti igid döyüşçü Fərəczadə Namiq Telman oğlunun oxuduğu məktəbə onun adının verilməsi xahişi ilə Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edirlər. Bakı şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyəti toponimika komissiyasının təkliflərini nəzərdən keçirərək 13 dekabr 1993-cü il 21/205 №-li qərarı ilə Binəqədi rayonu 100 №-li məktəbə Qarabağ şəhidi Fərəczadə Namiq Telman oğlunun adını verir.

      Məktəbin həyətində şəhidin büstü qoyulmuşdur. Məktəbin birinci və ikinci mərtəbələrində Namiq Fərəczadəyə aid guşə yaradılmışdır. Hər il məktəbdə 01 oktyabr tarixində Namiq Fərəczadənin doğum günü qeyd edilir. Birinci dərs satları Namiq Fərəczadənin həyatına və keçdiyi yola həsr edilir.

     Namiq qısa bir həyat yaşadı. Cəmi 18 il. Lakin atalar çox gözəl demişlər: “ İgid ölər, adı qalar.” Namiqin qəhrəmanlıqları, igidlikləri daim ürəklərdə yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi