20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir!

Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 35 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı, milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümumilli mənafelərin müdafiəsi naminə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmış Vətən oğulları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni, parlaq səhifə yazdılar. Vaxtilə Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəvi qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və, bəlkə də, gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur".
Həmin qanlı Yanvardan artıq 35 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlə yanaşı ürəklərdə sonsuz qürur hissi də baş qaldırır.
     Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Bu, əsl paradoksdur. Ulu Öndər Heydər Əliyev xalqına dayaq oldu. O vaxt Moskvada yaşayan Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza böyük dayaq oldu. Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini, Azərbaycanın yarıtmaz siyasətini və rəhbərliyini kəskin ittiham etdi və bu haqda bəyanat verdi.
Qanlı Yanvardan bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən bu istiqamətdən şəhərə daxil oldular. Zirehli maşınlar, qarşılarına çıxan avtomobillər insanları əzib keçir, əsgərlər hər kəsə atəş açırdılar. Həmin gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. 
     Bu qanlı hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir".
     Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını yüksək qiymətləndirərək deyib: "Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olub. Bu da heç vaxt yaddan çıxarılmamalıdır".
     Bu gün bu müqəddəs məkanı hamı ziyarət edir. Şəhidlər Xiyabanına insan seli axır. Şəhidlərimizin axan qanı hədər getməyib, azadlıq və müstəqillik arzuları həqiqətə çevrilib!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi