4 Oktyabr Cəbrayıl Şəhəri Günüdür!

23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi və neft yataqlarının olduğu da məlumdur. Erməni vandalizmi nəticəsində maddi-mədəni abidələrimiz məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. 

5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qaytarılması mümkün olmuşdur. Bura qayıdış "Böyük qayıdış"ın başlanğıcı hesab olunur. 

Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən cəmi üç ay sonra 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi ordumuzun şücaətinin nəticəsidir. 

Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. 

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra işğal altında olan digər rayonlara uğurlu əks-hücumumuz mümkün olmuşdur.

Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cəbrayıl rayon sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdacaqlar. 

Bu gün işğaldan azad edilmiş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir.

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bu yol vasitəsilə Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin də tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. 

Baş plana əsasən Mərcanlı, Karxulu, Sarıcallı, Şükürbəyli, Soltanlı, Maşanlı və başqa kəndlərində bağça, məktəb, fərdi evlər, inzibati bina, idman, sağlamlıq mərkəzi, ticarət-məişət xidməti binası, sahibkarlıq obyektləri, bir neçə mərtəbəli bloklu evlərin tikintisi nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən 4 oktyabr - Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi