İlham Əliyevin İran İslam Respublikasının Prezidenti ilə görüşündən
2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəsinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız qalası" hidroqovuşağının açılış mərasimi keçirilib.
Əvvəlcə dövlət başçıları "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarını işə saldılar. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihəsi Sovet İttifaqı ilə İran arasında 1977-ci il oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
Görüş zamanı Prezident İlham Əliyev demişdir: Bu gün çox əlamətdar bir gündür. "Qız qalası" hidroqovuşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə, doğrudan da, böyük bilik, səriştə və təcrübə tələb edirdi. Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bugünkü mərasimin tarixi əhəmiyyəti ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir".
Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: "İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Son illər biz artıq beşinci dəfədir ki, görüşürük, amma sərhəddə ilk dəfədir. Bundan sonra da bu görüşlər olacaq. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik!"