21 Fevral Beynəlxalq Ana Dili Günüdür.
21 Fevral Beynəlxalq Ana Dili Günüdür.
21 fevral 2024-cü il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəfiqə Mirzəyevanın təşkilatçılığı və VI "a" sinif şagirdlərinin iştirakı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş dəyirmi masa təşkil olunub.
Rəfiqə müəllim ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransının 30-cu sessiyasında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir.
Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır.
Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova öz çıxışında vurğulayıb ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Daha sonra şagirdlərin ifasında ana dilinə həsr olunmuş bayatılar oxunub, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.