YAP (Yeni Azərbaycan Partiyası)
YAP (Yeni Azərbaycan Partiyası)
Yeni Azərbaycan Partiyası “91-lərin müraciəti” əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş təsis qurultayında yaradılmışdır. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
1992-ci ildə Müxalifət Partiyası kimi yaranan YAP 1993-cü ildə Partiyanın sədri H.Əliyevin prezident seçilməsi və 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. 1992-2003-cü illərdə YAP-ın sədri H.Əliyev olmuşdur.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ulu öndər H.Əliyevə siyasətə qayıtmaq üçün müraciət etdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni Partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Heydər Əliyevin ətrafında sıx birləşdilər.
Partiya sədri H.Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 3 oktyabr 1993-cü il Prezident seçkilərində Heydər Əliyev xalq tərəfindən prezident seçildi. 1993-1998 və 1998-2003-cü illərdə H.Əliyev həm Prezident, həm də Partiya sədri kimi fəaliyyət göstərdi.
15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə çalan İlham Əliyev Partiya sədrinin 1-ci müavini oldu. 26 mart 2005-ci il tarixdə YAP-ın III Qurultayında prezident İ.Əliyev Partiyanın rəsmi sədri seçildi.
YAP-ın növbədənkənar VII qurultayında qəbul edilən qərara əsasən 6 partiya tərəfindən göndərilən birləşmə müraciətinə əsasən AXDP, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası YAP-a birləşdi. İ.Əliyev qurultayda çıxış edərək demişdir: “Partiyanın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir – YAP, nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
İlham Əliyev YAP-ın VII qurultayında Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr müəyyən etdi. Azərbaycan qadınlarının ölkənin inkişafında rolunun artırılması, milli həmrəylik, uğurlu “iqtidar-xalq” modeli, ərazi bütövlüyünün bərpası və s. məsələlər əsas vəzifələr kimi qarşıya qoyuldu. Bu vəzifələr bu gün də uğurla yerinə yetirilir və Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla icra edir.
YAP-ın siyasi dəyərlər və prinsiplər sistemində 11 strateji istiqamət müəyyən olunub. Bunlar aşağıdakılardır:
- H.Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, insan amili, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı. “Dünənin, bugünün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın rolunu qiymətləndirərək demişdir: “YAP güclü təşkilatdır və heç bir siyasi qüvvə ilə rəqabət aparmaq iqtidarında deyildir. Mən öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir!”
Nizami rayonu 10 nömrəli tam orta məktəbin tarix müəllimi Paşayeva Elnurə.