20 Noyabr - Ağdam Şəhəri Günü
20 Noyabr - Ağdam Şəhəri Günü
“Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın!” – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. XVII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmişdir. Bu mənada “Ağdam”- günəş şüaları ilə nurlanmış işiqlı ağ ev deməkdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Ana” qoymuşdur və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdı. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir.
Qüvvələrin bərabər olmaması və fasiləsiz ağır döyüşlər 1993-cü il iyulun 23-də Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsinin ermənilər tərəfindən işğalına səbəb olmuşdur. Ağdamın 846,8 kv kilometri, yəni 77,4%-i - bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdir. O vaxta qədər Ağdamin 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdur.
Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, coxlu şəhidlər vermişlər. "Qafqazın Hirosiması" adlandırılan Ağdamın tamamilə dağıdılması erməni vandalizminin əyani nümunəsi kimi dünya ictimaiyyətini də heyrətə gətirdi. Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib,onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Hazırda Ağdamın 204 mindən cox əhalisi var. Onlardan 160 minə yaxını məcburi köçkündür.
Milli Qəhrəman Allahverdi Teymur oğlu Bağırov Ağdamda futbolçu kimi tanınmış və “Qarabağ” futbol komandasında fəaliyyət göstərmişdi. Mərd insan olan Allahverdi könüllülər batalyonu yaratmış, Ağdamın bir sıra kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Məhz onun ermənilərlə danışıqları nəticəsində Cingiz Mustafayev Xocalı faciəsinin görüntülərini lentə ala bilmişdir. Allahverdi Bağırova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Belə qəhrəmanlarımızdan biri də 1992-ci il martın əvvəlində yeddi döyüş yoldaşı ilə Ağdamın Xramort kəndində yerləşən alban küçəsində əlverişli mövqe tutan Natiq Səlim oğlu Qasımov olmuşdur. Qeyri-bərabər döyüsdə yoldaşlarını itirən Natiq düşmənlə təkbətək döyüşmüş, Azərbaycan bayrağını kilsənin üzərinə sancmışdı. Düşmən elə zənn etmişdi ki, onlarla bütöv bir batalyon döyüşür. Günahsız 22 dinc sakinin öldürülməsini istəməyən Qəhrəman əsgərimiz Azərbaycan bayrağını sinəsinə basır və təslim olur. Onun haqqında 2016-cı ildə sənədli film çəkilmişdir.
Lakin, nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldilması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildilər. Bununla yanaşı düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi.
Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.
Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan, Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladılar. Hərbi əməliyyatlar dayandırıldı. Bu bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən sənəd idi.
Bəyanatın ikinci bəndində göstərilirdi ki, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılsın.
İşğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu.
Heç təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpaqlarımıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Artıq Cənab Prezidentin göstərişilə Ağdam rayonunun Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edimişdir.
Biz xalq olaraq inanırıq ki, bundan sonra ölkəmiz daha da inkişaf edəcək, Vətənimiz gündən-günə çiçəklənəcək! Yaşasın Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan!
Nizami rayonu 10 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova Yazgül.