Son zəng

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də "Son zəng" günüdür.
14 iyun 2022-ci il tarixdə məktəbimizdə "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Abdullayev, digər fəxri qonaqlar, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.
Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız qaldırıldıqdan sonra Vətən uğrunda şəhid olmuş igid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəfayət Orucova açmışdır. O, prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, təhsilə göstərdiyi xüsusi qayğıdan danışmış, məktəb kollektivinin qazandığı uğurlardan bəhs etmişdir. Direktor məzunları təbrik etmiş, onlara müstəqil həyat yollarında uğurlar arzulamışdır.
Tədbirdə iştirak edən qonaqlar da məzunlara ürək sözlərini bildirmişlər. Məzunların bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuş, onlara xoş təəssüratlar bağışlamışdır.
2021-2022-ci tədris ilində məktəbin tam orta təhsil pilləsini "əla" qiymətlərlə başa vurduqlarına və DİM-in buraxılış imtahanında yüksək nəticə əldə etdiklərinə görə bir sıra məzunlar məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.