15 iyun-Milli Qurtuluş günüdür!
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış “15 İyun - Milli Qurtuluş Günü”dür.
1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Bu günü biz əvvəlki illərdən fərqli əhval-ruhiyyə ilə qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Ulu Öndərin ən böyük arzusu məhz Azərbaycanı bütöv görmək idi.
H.Əliyevin adı tariximizə həm də “böyük xilaskar” kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə qarşısında qoydu.
H.Əliyev hakimiyyətə qayıdışı ilə kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən H.Əliyev xalqın qurtuluşu missiyasını cəsarətlə üzərinə götürdü.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxarılmasına həsr olunacaqdır” deyən Umumilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyini son dərəcə vacib sayırdı.
Ümumilli lider H.Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi. “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbbi sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz, Azərbaycanın məğlubiyyəti, daxildə hakimiyyət çəkişməsi, 1992-ci il iyun ayında hakimiyyətə gəlmiş qüvvələrin zəif idarəçilik səbəbindən Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
H.Əliyevin uzaqgörən siyasəti nəticəsində gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər H.Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermis sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində , sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir!