28 may Müstəqillik günüdür
Məktəbin İllik Fəaliyyət Planına əsasən Azərbaycançılıq ideologiyasının təbliği məqsədilə 27 may 2022-ci il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi Əlicanova Gülnarənin təşkilatçılığı ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Tariximizin ən şanlı səhifəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Şəfayət Orucova, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etmişlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolundan bəhs edən videomateriallar nümayiş etdirilmişdir. Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilmişdir. Şagirdlər müstəqilliyə həsr olunmuş şeirlər söyləmiş, vətənpərvərlik mövzusunda mahnılar ifa etmişlər.
Sonda direktor Şəfayət Orucova çıxış edərək, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmişdir. O, həmçinin Ulu Öndərin siyasi kursunun bu gün də prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığını vurğulamışdır.