"21 Fevral- Beynəlxalq Ana Dili Günü"dür
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq, 21 fevral 2022-ci il tarixdə akt zalında "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.
Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan direktor Şəfayət xanım Orucova Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, insanlarla ünsiyyət qurmasında mühüm rolundan danışmış, Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Şagirdlərin ifasında dilimizi vəsf edən şeirlər, mahnılar səsləndirilmiş, səhnəciklər göstərilmiş, kompozisiyalar təqdim olunmuşdur. Məşhur insanların dil haqqında müdrik kəlamlarından nümunələr söylənmiş, dilimizin keçdiyi tarixi inkişaf yolundan bəhs edən videoçarxlar nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.