Zəfər Gününə həsr olunmuş tədbirlər həyata keçirilir
27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən məktəbin biologiya müəllimi Vəlibəyova Hicranın rəhbərliyi altında Vətən müharibəsi şəhidi Hüseynli İbrahimin adını daşıyan VII D sinfində şəhidin həyat və mübarizə yolundan bəhs edən sinif təşkilat saatı keçirilmişdir. Dövlət himni ilə başlayan yığıncağda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər Hüseynli İbrahimin döyüş yoluna qısa nəzər salmış, onun göstərdiyi qəhrəmanlıqlardan bəhs etmişlər. Şəhidin həyat yoldaşı Surfanə xanımdan alınmış müsahibə nümayiş olunmuş, İbrahimin həm vətənpərvər bir vətəndaş, həm də qorxmaz, mərd, cəsur bir döyüşçü olduğu vurğulanmışdır.
Daha sonra şagirdlər qələbəmizə həsr olunmuş şeirlər söyləmişlər. Hicran müəllim onların hazırladıqları əl işlərini nümayiş etdirərək, təşəkkürünü bildirmişdir.
Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək, bir daha şagirdlərə Vətəni sevməyi, onu qorumağı, canlarından, qanlarından keçən igidlərimizi heç vaxt unutmamağı tövsiyə etmişdir.