Şəhid Rəşad Zeynallının Doğum Günü Yad Edildi

Şəhid Rəşad Zeynallının Doğum Günü Yad Edildi
Bu gün məktəbimizdə keçmiş məzunumuz, Şəhid Rəşad Zeynallının doğum günü ilə bağlı anma tədbiri keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra Rəşadın barelyefi önünə gül dəstələri qoyuldu.
Məktəbin 8-ci sinifləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri elan edildi. Şagirdlər, Rəşadın həyatı və qəhrəmanlığına həsr etdikləri yazılarla onun vətənpərvərliyini vurğuladılar.
Siniflərdə, həmçinin Rəşad Zeynallıya həsr olunmuş sənədli filmlər nümayiş etdirildi. Bu filmlər, onun həyatını və mübarizəsini bir daha gözlər önünə sərərək, şagirdlərə dərin təsir bağışladı.
Tədbirin sonunda məktəb rəhbərliyi, sinif rəhbəri və müsabiqə qalibləri ikinci Fəxri xiyabanda şəhidin qəbrini ziyarət edərək, əklil qoydular. Məktəb direktoru Yasəmən Əliyeva və sinif rəhbəri çıxış edərək, Rəşadın göstərdiyi igidliyi və vətən sevgisini qeyd etdilər. Tədbir iştirakçıları, Rəşadın qəhrəmanlığını bir daha hiss etdilər.
Bu gün keçirilən tədbir, Rəşad Zeynallının xatirəsini yaşatmaqla yanaşı, bizə vətənə sevgi, şücaət və birlik duyğusunu bir daha anlamağa imkan verdi. Onun mübarizəsi və fədakarlığı, gələcək nəsillərə örnək olacaqdır.