Heydər Əliyev - Bütövlənən qalib Azərbaycan

6 May tarixində Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - Bütövlənən qalib Azərbaycan” adlı tədbir keçirildi. Tədbirdə iştirak eliyən qonaqlar məktəb rəhbərliyi ilə birlikdə məktəbin məzunları olan I və II Qarabağ müharibələrinin şəhidləri- Milli Qəhrəman gizir Tahir Əminağa oğlu Bağırov, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, Denis Aleksandroviç Əliyev, Toğrul Daşqın oğlu Ağalarlı, Orxan Zöhrab oğlu İsmayılov və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin önünə gül dəstələri düzdülər, şəhidlərin ruhuna dualar oxudular. Daha sonra tədbir iştirakçıları şagirdlərin ümummilli lider Heydər Əliyevə həsr etdikləri rəsm əsərləri və əl işləri ilə tanış oldular. Tədbir ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözü ilə açan Milli Qəhrəman Tahir Bağırov adına 59 saylı tam orta məktəbin direktoru Pikə xanım Əhmədova Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında olan əvəzolunmaz xidmətlərindən geniş bəhs etdi: - Bu xidmətlərdən söhbət açarkən Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi vurğulamalıyıq. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə tanınmasında, varlığını təsdiqləməsində dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və mədəniyyəti xüsusi yer tutur." Pikə Əhmədova bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir: "İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı. Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdı. Bu birliyin nəticəsidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb. Məhz bu Böyük Qələbə qürur mənbəyimiz olmaqla, Ata vəsiyyətinin yerinə yetirən Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imici qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan ölkə rəhbəri olduğunu təsdiq etdi. Bu gün xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və qürur duyur. " Tədbirin bədii hissəsi məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Tağıyeva Güntəkin müəllimənin rəhbərliyi ilə hazırlanmışdı. Tədbirdə şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər səsləndi, mahnı və rəqs, ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov tədbirdə çıxış edərək bugünkü uğurlarımızın Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirdi. Bu məqama xüsusi diqqət yönəltdi ki, dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycan xalqının tarixi keçmişində, mədəniyyət tariximizdə iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin tariximizə, mədəniyyətimizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi səylər sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan görkəmli insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Bu kimi mühüm addımlar azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən addımlar sırasındadır. Tədbirdə çıxış edən YAP-nın nümayəndəsi Ənvər Bayramov öz çıxışında müasir müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsinin isə xalqımızın milli sərvəti olduğunu vurğuladı. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açmış, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs etdilər. Tədbirin sonunda "Yaşat" Fonduna yardım məqsədi ilə təşkil olunan satış-sərgi nümayiş olundu.