Qəhrəman Muxtar Qasımlı

14.04.2023-cü il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş etdirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin valideyinləri, şəhid ailələri, həmçinin məktəbimizin müəllim və şagird heyyəti iştirak etdilər. Xətair Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov öz çıxışında gənc nəslin vətənpərvərlik tərbiyəsi, onlarda fəal vətəndaş mövqeyi və doğma torpağa bağlılıq hissinin formalaşdırılmasının dövlət siyasətinin başlıca prinsiplərindən biri olduğunu vurğuladı. Bu tədbirin təşkil olunmasının məqsədi də məhz Muxtar kimi qəhrəman oğulların gənc nəslə nümunə olması və onların əziz xatirəsinin daim yad edilməsi idi. Film şəhid Muxtar Qasımlının keçdiyi şərəfli döyüş yolu, məktəb illəri, uğurları, iş həyatına və qəhrəmanlığına həsr olunub. Çıxış edənlər şəhidin valideyinlərinə Muxtar kimi vətənpərvər övlad böyütdükləri üçün minnətdarlıq bildirdilər. Sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlı çıxış edərək öz oğlu ilə hər zaman fəxr etdiyini bildirdi. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından bəhs etdilər. Sonra şəhidin anası Almaz Qasımlı ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.