Məktəblilər arasında keçirilən “Ekoerudit” Respublika ekoloji breyn-rinq bilik yarışında Bakı şəhəri 58 №-li tam orta məktəb I yerə layiq görülmüşdür.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onların ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətinin və ekoloji mədəniyyətinin formalaşdırılmasıdır.Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan yarışın final mərhələsi Eko-parkda keçirilib. Final yarışmasında breyn-rinqin zona mərhələsinin qalibləri olan Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər və Quba, Lerik, Füzuli, Ağdaş rayon tam orta məktəblərinin komandaları “Sağlam həyat-sağlam gələcək”, “Ekoloji təhlükəsiz nəqliyyat”, “Müharibə və ətraf mühit”, “Gələcəyin enerjisi”, “Meşə-həyat mənbəyidir”, "Ekoloji cəhətdən davamlı inkişaf”, “Yaşıl şəhər (Eko-mühafizəçi bitkilər)”, “Bioloji müxtəlifliyin qorunması” və digər ekoloji mövzularda hazırladıqları elektron təqdimatları nümayiş etdiriblər. Yarışmanın ikinci mərhələsində komandalar “Tullantılara yox deyək!” mövzusunda praktik çalışmanı yerinə yetirərək müxtəlif tullantılardan eksponatlar (süni quş yuvaları, ekoloji maketlər, modellər, suvenirlər və s.) hazırlayıb, tullantıların təkrar istifadəsi barədə təkliflərini bildiriblər.Münsiflər heyətinin rəyinə əsasən, Bakı şəhəri 58 nömrəli tam orta məktəbin komandası I yerə, Şirvan və Gəncə şəhərlərinin komandaları II yerə, Bakı şəhəri 61 və 318 nömrəli, eləcə də Quba rayonu məktəblərinin komandaları III yerə layiq görülüblər. Sumqayıt şəhəri və Füzuli, Lerik, Ağdaş rayonlarının komandaları isə IV yeri tutublar. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. Xəbər www.edu.gov.az - saytından götürülmüşdür. Daxil olmaq üçün link http://edu.gov.az/view.php?lang=az&menu=9&id=9728