Pedoqoji şura keçirildi

 2024-2025-ci tədris ili üzrə məktəbin akt zalında ilk pedoqoji şura keçirildi. İclasda məktəbin rəhbərliyi və pedoqoji kollektivi iştirak edirdi. İlk öncə məktəbin direktoru Sevinc Budaqova məktəbə yeni təyin olunan iki ibtidai sinif və bir rus dili müəllimini kollektivə təqdim etdi. Onlara yeni tədris ilində, yeni kollektivdə uğurlar arzuladı və özlərini təqdim etmələri üçün şərait yaratdı. Daha sonra sözü ardıcıllıqla direktor müavinləri Gülnarə İsmayılova, Lalə Ələkbərova və Aidə Quliyevaya verdi.

 İlk çıxış edən Gülnarə İsmayılova sinif komponentlərinin sayı, yay tədris tapşırığı alan şagirdlərin sinifdən sinifə keçirilməsi, diaqnostik qiymətləndirməyə hazırlıq, keçən tədris ilinin yekunları, yeni tədris ilində qarşıda duran məsələlər, hədəflər haqqında çıxış etdi.

 Lalə Ələkbərova çıxış edərək illik fəaliyyət planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərə nəzarət, prespektiv planların hazırlanması, metodbirləşmələrlə işin təşkili, dərsliklər və bu kimi digər məsələlərə toxundu.

 Aidə Quliyeva yeni tədris ilində məktəb mühiti, təlim keyfiyyətlərinin artırılması üçün səmərəli yanaşmaların tətbiq ediləcəyi, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər mövzularda çıxış etdi.

 Sonda çıxış edən məktəbin direktoru Sevinc Budaqova yeni tədris ili münasibətilə hər kəsi təbrik etdi və uğurlar arzuladı. Daha sonra toxunulan mövzulara öz əlavələrini edərk iclasın gündəliyinə daxil olan məsələlər, 2024-2025-ci tədris ili üçün Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən müvafiq əmr və təlimatları diqqətə çatdırdı. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyindən ilk dərsin bu mövzuya həsr olunacağından, məktəbin “Fəaliyyət Planı”nın, pedoqoji şuranın “İllik iş planı”nın təsdiq olunmasından, tədrisin təşkilində müasir metodlardan istifadə olunması üçün təşkilati işlərin aparılmasından, məktəbdə bu ildən tədrisi planlaşdırılan rəqəmsal bacarıqlar fənninin tətbiqindən, 4-cü siniflərə STEAM fənninin əlavə edilməsindən danışdı, şagirdlərin geyim və dərsə davamiyyəti məsələlərinin daim diqqətdə saxlanılmalı olduğunu vurğuladı.

 Bütün məsələlər müzakirə edildikdən sonra təkliflər dinlənildi, iradlar bildirildi və iclas yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi