Bu gün 111 məzunumuz üçün məktəbdə sonuncu dərs günüdür
Bu gün məktəbimizdə "Son zəng” tədbiri keçirilir. 113 şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və əziz Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Məktəbin həyətində keçirilən tədbirə çox sayda insan gəlmişdi. Şagirdlərin sevincinə, valideynlərin həyəcanına, müəllimlərin uğuruna şərik olmaq üçün məktəbimizə qonaqlar təşrif buyurmuşdurlar. Qonaq qismində Bakı Şəhəri Təhsil İdarəsinin maliyyə sektorunun müdiri İlahə Məmmədova, Nəsimi rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı Xətai Məmmədov, "ASAN Radio"nun direktoru məktəbimizin məzunu Emin Musavi, məktəbimizin məzunu qəhrəman Şəhid Ceyhun Usubovun anası Kəmalə Usubova, Jurnalistlər Birliyinin üzvü, politoloq Svetlana Bayramova iştirak edirdi. Qonaqlar çıxış edərək şagirdləri təbrik etdi və gələcək həyat yollarında uğurlar arzuladılar. Ardınca isə birincilər rəqs nömrəsi ilə çıxış edərək 11-ciləri təbrik etdilər.
Növbə simvolik açarın təqdim edilməsinə çatanda isə məktəbin qəbul imtahanında ən yüksək nəticəni göstərən şagirdi Əbil Rzayev açarı 9-cu sinif imtahanında ən yüksək nəticəni göstərən 10-cu sinif şagirdi Dəniz Həsənliyə təhvil verdi.
Daha sonra aparıcılar sözü 11-cilərə verdilər.
11A, 11B, 11C, 11Ç sinif şagirdləri bu günü unudulmaz etmək üçün çıxışlar və rəqs nömrələri hazırlamışdırlar. Hər bir sinif başda məktəbin direktoru Sevinc Budaqova olmaqla fənn müəllimlərini, ibtidai sinif müəllimlərini, sinif rəhbərlərini yad edərək onlara xoş sözlərini, təşəkkürlərini bildirərək gül buketləri hədiyyə etdilər.
Bütün çıxışlardan sonra sonda səhnəyə çıxan Sevinc xanım bütün məzunları ürəkdən təbrik etdi, onlara imtahanlarında göstərdikləri yüksək nəticələlrə görə təşəkkürünü bildirdi. Həmçinin bu ilki qəbul nəticələrindən də söz açaraq yüksək nəticə göstərən şagirdləri təbrik etdi, qonaqlara, valideynlərə, müəllimlərə və tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirərək hər kəslə xatirə şəkilləri çəkdirdi. Son olaraq isə 11-cilərin çiyninə çıxan 1-cilər son dəfə simvolik zəngi çalaraq tədbiri yekunlaşdırdılar.
Hər bir məzunumuzu bir daha təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.