FƏXRİMİZ

   Şəhid Mirzağa Ağali oğlu Məmmədov 20 mart 1959-cu ildə Bakı şəhəri Baş Ələt qəsəbəsində anadan olmuşdur. I Qarabağ müharibəsində şəhid olmuş M.Məmmədovun adı 1995-ci ildə təhsil aldığı 303 nömrəli ümumi orta məktəbə ( 26 saylı Dəmiryolu məktəbi) verilmişdir.

   1973-cü ildə 8-ci sinfi bitirmiş, Ələt körpü qəsəbəsindəki 302 nömrəli tam orta məktəbdə (25 saylı Dəmiryolu məktəbi) təhsilini davam etdirmişdir. 1976-cı ildə 59 saylı Texniki Peşə məktəbinin operator kursuna daxil olaraq həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1977-ci ildə keçmiş Sovet ordusunun hərbi xidmətinə çağrılmış, Rusiyanın Tümen şəhərində Daxili qoşunlara məxsus orduda xidmət etmişdir. Hələ hərbi xidmətdə olarkən nümunəvi xidməti ilə fərqlənmiş, orduda xidmətinə görə iki dəfə tərifnamə ilə təltif edilmişdir. 1979-cu ildə həqiqi hərbi xidmətini başa vurmuşdur.

    Xidməti borcunu yerinə yetirdikdən sonra vətənə qayıdan Mirzağa Ələt körpü qəsəbəsindəki vaqon təmiri DEPO-sunda işləmiş sonra, N.Nərimanov adına NQÇİ-də maşınist vəzifəsində çalışmışdır.

   1988-ci ildən mənfur qonşularımızın torpaqlarımıza olan işğalçılıq siyasəti, vətənimizin hər bir qəhrəman oğluna təsir etdiyi kimi Mirzağa da bu hadisələrə biganə qalmamışdır. Məhz buna görə də 1990-cı illərdə Bakıda baş vermiş “Qanlı Yanvar” hadisələrində azadlıq mübarizləri ilə çiyin-çiyinə dayanmışdır.

   Atasını  uşaqkən  itirən  M.Məmmədov atasız böyüməyin məhrumiyyətlərini, ağrı-acılarını çox erkən dadmışdır. Cəbhəyə getməyi qərara alan Mirzağa dil-dil ötən qızı Ağabəyimə və körpə Səbuhiyə minbir nəvazişlə qayğı göstərir, vətən üçün keçirdiyi narahatlıqlarını onlarla ovundurmağa çalışırdı.

   1992-ci ildə baş vermiş “Xocalı faciəsi” onu çox sarsıtdı. Günahsız körpələrin, cavanların, qadınların, qocaların vəhşicəsinə öldürülməsi Mirzağa Məmmədova çox pis təsir etmişdir.  O, anası Sürəyya xala və həyat yoldaşı Xanımqıza tez-tez deyirdi: “Mən neçə dəfə cəbhə bölgəsinə getmək istəmişəm, qoymamısınız. Demisiniz ki, iki körpən var, bəs onları kim saxlayacaq...? Hərəmiz bir bəhanə ilə müharibədən yayınıb erməninin qabağından qaçsaq, ana-bacılarımızın qeyrətini kim çəkəcək, vətənimizi kim qotuyacaq...?!”

   Vətənimizin erməni işğalçılarının tapdağı altında qalmasına dözməyən Mirzağa ailə qayğısına və çətinliklərinə baxmayaraq, 1992-ci ilin iyulun 21-də könüllü olaraq cəbhəyə yollandı.

   Ağdərədə Heyvalı (Drombon və ya Drmbon) uğrunda gedən döyüşlərdə elə gərgin vəziyyət yaranmışdır ki, geriyə çəkilmək mümkün deyildi. Döyüşçülərin qorxmazlığını görən qorxaq erməni dığaları döyüş texnikalarını və silah-sursatlarını qoyub qaçmışdılar. Həmin döyüşlərdə yüzlərlə erməni əsir götürülmüşdür.       

    1992-ci ilin avqustun 21-də Ağdərə rayonunun Həsənriz (Aterk və ya Ater) kəndinin azadlığı uğrunda gedən qızğın döyüşlərdə Mirzağa Məmmədov düz ürəyindən  vuruldu.

   Torpaqlarımızın azadlığı uğrunda  Şəhidlik zirvəsinə ucalan Mirzağa Ağali oğlu Məmmədov 1992-ci ildə avqustun 22-də Navahı kənd qəbristanlığında dəfn edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi