Məktəbimizdə "Yaşıl dünya həmrəylik ili" çərçivəsində iqlim dəyişikliyi üzrə maarifləndirmə tədbirləri davam edir.
COP 29 və “Yaşıl Dünya Həmrəylik İli” tədbirlər planına uyğun olaraq, məktəbimizdə iqlim dəyişikliyi və onun ətraf mühitə təsirlərinə dair ardıcıl maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlərin bir hissəsi kimi, 6ç sinfində iqlim dəyişikliyi mövzusunda sinif təşkilat saatı təşkil edilmişdir. Tədbir zamanı şagirdlərə iqlim dəyişikliyinin fəsadları və ekosistemə təsirləri barədə ətraflı məlumat verilib. Şagirdlər atmosferdəki karbon qazının artımı, təbii fəlakətlərin tezləşməsi və biomüxtəlifliyə olan təhdidlər haqqında müxtəlif mənbələrdən əldə edilmiş məlumatlarla tanış olublar.
Tədbirin ikinci hissəsində isə şagirdlər məktəbin yaşıllıq sahəsinə xüsusi diqqət ayıraraq, məktəb daxilində olan bitkilərə qulluq göstəriblər. Bitkilərin suvarılması, düzgün yerləşdirilməsi və təmizliyi prosesində yaxından iştirak edən şagirdlər, canlı təbiətə qayğı göstərməyin vacibliyini praktiki şəkildə öyrəniblər. Bu təcrübə onlarda təbiətin qorunmasına daha böyük həssaslıq formalaşdırmaq və ekoloji məsuliyyət hissini artırmaq üçün mühüm addım olmuşdur.
Bu cür tədbirlər, gənc nəsil arasında ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə ruhunu aşılamaq üçün məktəbimizdə davamlı şəkildə təşkil edilməkdədir. Məktəbimizin məqsədi təkcə dərs proqramlarını tədris etmək deyil, eyni zamanda şagirdlərə gələcəkdə daha təmiz və sağlam bir dünya yaratmaq üçün zəruri bilik və vərdişlər qazandırmaqdır.