"Təbiət və biz" adlı Dəyirmi masa
06.12.2022-ci il tarixdə coğrafiya müəllimi Mail Kərimov 7 çi sinif şagirdlərinin iştirakı ilə hazırladığı "Təbiət və biz" adlı dəyirmi masanı təqdim etdi.M.Kərimov öz çıxışında bildirdi:
Təbiətə bəzən "ana" deyirik və bu ifadəni boş yerdən işlətmirik. Təbiət öz qoynunda bizi bəsləyib böyüdür. Dörd ünsürün - su, torpaq, yel və odun (Günəşin) mövcudluğu, bir-birini tamamlaması, həmahəngliyi ilə canlılar yaranıb. Canlılarınsa alisi insandır. Minilliklər boyu insan təbiətlə ünsiyyətdən bəhrələnib. Daş, tunc dövrlərində mağaralarda yaşayaraq, düzəltdiyi alətlərlə ov edərək qidalanıb. Zaman keçdikcə yaşamaq üçün düşünüb-daşınıb, yollar axtarıb.
Günəşi, Ayı, ulduzu, torpağı, gül-çiçəyi, dağları, meşələri, çayları, dənizləri, daha nə bilim nələri, nələri düşündükcə fikirlər, xəyallar bizi qanadına alıb göylərə aparır. O göyə ki, hələ də sirli-sehrli olaraq qalır. Alimlər nə qədər baş sındırsalar belə, səma cisimlərini tam şəkildə öyrənə bilməyiblər və bəlkə milyon illər bundan sonra da bu, mümkün olmayacaq. Şair demişkən: "Sirrini verməyir sirdaşa dünya". Müqəddəs kitabımız "Qurani-Kərim"də Allah-taala göstərir ki, "Mən Yerdə, Göydə nə varsa, sizin üçün yaratdım". Deməli, təbiət yalnız Yerlə məhdudlaşmır. Günəş Göy cisimlərinin tacı, həyat çeşməsidir. O, sakinləri olduğumuz Yer kürəsini isidir, bütün canlılara həyat verir. Çox yox, bir neçə dəqiqəliyə Günəş sönsə, kainat zülmətə qərq olar, buz bağlayar, həyat məhv olar.