Məktəbin Şəhid məzunu Ataməli Musaoğlunun anım gününə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 16-da məktəbin UBTR-i Natavan Həşimova və fizika müəllimi Pərvanə Ağayevanın təşkilatçılığı ilə məktəbin şəhid məzunu Ataməli Musaoğlunun Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhid Ataməli Musaoğlunun anası Musayeva Leyla xanım, 6 D sinif şagirdləri, müəllimlər iştirak etmişdir. Pərvanə müəllim çıxış edərək bildirdi ki, şəhid məzunlarımızın hər birinin xatirəsi əzizdir. Onların hər birinin xatirəsinin anılması, məzarlarının və ailə üzvlərinin ziyarət olunması məktəb kollektivi üçün həssas ənənədir: “Şəhid məzunlarımızın hər biri göz qırpmadan Vətən uğrunda canlarını fəda ediblər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi, şəhidlərimizin qanı, qazilərimizin qanı ilə azad edilən torpaqlarımızda indi genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu gün şəhidlərimizin, o cümlədən Ataməlinin ruhu şaddır”. Qeyd edildi ki, Ataməli Musaoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına könüllü qoşulan minlərlə Azərbaycan gəncindən biridir. O, 44 günlük Zəfər savaşının 19-cu günündə qəhrəmancasına şəhid olub.Torpaqlarımızın düşmən əsarətindən tam azad olunması “Dəmir yumruq” ətrafında birləşən xalqımız, ən əsası şəhid ailələri üçün təskinedici məqamdır.