“Yeniyetmə psixologiyası” mövzusunda valideynlərlə onlayn maarifləndirici görüş keçirildi

Mayın 1-də məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı və 8 “v” sinfinin valideynləri ilə “Yeniyetmə psixologiyası” mövzusunda onlayn maarifləndirici görüş keçirildi. Psixoloq valideynlərə mövzu barədə ətraflı çıxış edərək bildirdi ki, yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı,qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olub, ancaq o dövrlərdə həyat tərzi bir qədər qapalı idi. Hazırkı dövrümüzdə isə, çox təəssüf ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür. Belə ki, valideynin uşağa nisbətən daha çox həyat təcrübəsi var. Ata-ana bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Valideynlər əslində uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam hissi yaratmalıdırlar.